Qəbələdə sel suları yol infrastrukturuna və yol qurğularına ziyan vurub

8 Sentyabr 2023- 12:07

Qeyri-sabit hava şəraiti Qəbələ rayonu ərazisində fəsadlara səbəb olub.

Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəymişdir. 

Rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Aparılan işlər çərçivəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. 

Qeyd edək ki, sözügedən ərazilər nəzarətdə saxlanılır yolların bərpası istiqamətində aparılan işlər davam etdirilir.


YOLUNUZ AÇIQ OLSUN...