Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı Prezidentin Sərəncamı

8 Sentyabr 2023- 14:24
11 Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsinin əsaslı təmiri ilə bağlı

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2023-cü il