Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 dekabr tarixli 461s nömrəli və 2016-cı il 2 mart tarixli 1842 nömrəli qərarları ilə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsinin ehtiyat fondundan” “Azəravtoyol” ASC-yə ayrılan vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron və Nəsrulla Əsgərov küçələrində tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, yolların genişləndirilərək yenidən qurulması, su, kanalizasiya və rabitə xətlərinin yenilənməsi işlərinə başlanılmış və qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq başa çatdırılmışdır.
Abşeron küçəsi
Yenidən qurulmadan əvvəl:
Yolun uzunluğu- 2360 m;
Yolun eni – 6-7 m;
Yolun hərəkət zolaqlarının sayı – 2 ədəd;
Yenidən qurulmadan sonra:
Yolun genişləndirildikdən sonrakı eni – 18 m
Hərəkət zolaqlarının sayı – 4 ədəd;
Yolun hərəkət hissəsinin eni -14 m;
Səkilərin eni -2x2 m.
Abşeron küçəsinin uzunluğu 2360 metr, eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlik işıqlandırma sisteminin yoxluğu ucbatından gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Lakin ölkə başçısının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılıb. Küçə genişliyi, rahatlığı və müasirliyi ilə göz oxşayır.
Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Tikinti sahəsinə düşən 75 ədəd daşınmaz əmlakın mülkiyyətçilərinə təzminat ödənilməklə sökülüb.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.
Yolun genişləndirilən hissəsində 26 432 m3 torpaq işləri yerinə yetirilib, 27 331 m2 yeni hasar tikilmiş, 81 ədəd yeni dəmir darvaza quraşdırılmış və rənglənib, yol boyu 2360 m uzunluğunda su, kanalizasiya və rabitə xətləri tikilib.
Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 5200 paqon metr yeni səki daşı düzülüb. Səkilərin 8800 m2 sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Dairənin içərisinə bəzək daşları düzülüb.
Ümumilikdə küçənin 42 480 m2 sahəsində yol əsası, 3 qat və 25 sm qalınlığında 25,5 min ton asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 55 ədəd yol nişanları quraşdırılıb, 15 500 paqon-metr yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Nəsrulla Əsgərov küçəsi
Yenidən qurulmadan əvvəl:
Yolun uzunluğu- 1050 m;
Yolun eni – 5-6 m;
Yolun hərəkət zolaqlarının sayı – 2 ədəd;
Yenidən qurulmadan sonra:
Yolun genişləndirildikdən sonrakı eni – 16 m;
Hərəkət zolaqlarının sayı – 4 ədəd;
Yolun hərəkət hissəsinin eni -12 m;
Səkilərin eni -2x2 m.
Nardaran qəsəbəsinin mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin yenidən qurulan hissəsinin uzunluğu 1050 metr, eni isə 6 metr idi. Layihə çərçivəsində küçə genişləndirilərək 16 metrə çatdırılıb.
Nəsrulla Əsgərov küçəsində yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi, yeni yeraltı kommunikasiya xətlərinin çəkilişi, bundan başqa küçə boyu maneələrin sökülməsi, paralel olaraq yeni hasarların tikilməsi işləri aparılıb.
Yolun genişləndirilən hissəsində 7 839 m3 torpaq işləri yerinə yetirilib, 4590 m2 yeni hasar tikilib, 48 ədəd yeni dəmir darvaza quraşdırılıb və rənglənib. Yol boyu 1050 m uzunluğunda su, kanalizasiya və rabitə xətləri tikilib.
Tikinti sahəsinə düşən 35 ədəd daşınmaz əmlakın mülkiyyətçilərinə təzminat ödənilməklə sökülüb.
Küçə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burda hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib. Səkilərin kənarlarına 1880 paqon-metr səki daşı düzülüb. Küçənin 19 180 m2 sahəsinə yol əsası və 22 sm qalınlığında 7.95 min ton asfalt-beton örtüyü döşənib. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb.
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 58 ədəd yol nişanları quraşdırılıb, 6300 paqon-metr yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.