Xaçmazda çökmüş körpünün söküntüsü və ərazinin təmizlənməsi davam edir  VİDEO/FOTO

18 Sentyabr 2023- 14:21

Bir-neçə gün öncə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün söküntüsü və ətraf ərazinin yeni körpünün inşası üçün təmizlənməsi işləri davam edir. 

Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. 

Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb. 

Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub. 

Vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada yolunun salınması istiqamətində də işlər aparılır. Gün ərzində bu işlərin yekunlaşması və piyada yolunun istifadəyə verilməsi nəzərdə tutulub

Sürücülər isə müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb. 

YOLUNUZ AÇIQ OLSUN…