Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yerinə yetirilir.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.
Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi yekunlaşıb. Hazırda ərazilər üzrə yeni asfalt-beton örtüyün sərilməsi işləri görülür.
Qeyd edək ki, bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.
İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 (iki) tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 (iki) tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...