Nərimanov rayonunda 4 küçə təmir olunub - VİDEOREPORTAJ / FOTOLAR

5 Avqust 2016- 00:00
11 Nərimanov rayonunda 4 küçə təmir olunub - VİDEOREPORTAJ / FOTOLAR

            Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə uzun müddətdir ki, təmir olunmadığından asfalt-beton örtüyü dağılmış və qabarmış küçələrdə kompleks tədbirlər davam etdirilir.

 

            Cari ilin 6 ayı ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 30-a yaxın küçə və prospekt təmir edilərək istifadəyə verilib.

 

            Hazırda da bu istiqamətdə işlər yüksək keyfiyyətlə davam etdirilir. Məhz bu çərçivədə Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilib. Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar OrucəliyevÇernyavski küçələrində aparılıb.

 

            Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib və asfaltlanıb. Bundan başqa zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib, küçələr boyu piyada səkiləri bərpa olunub və yeniləri tikilib, yeni səki daşları düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənib.

 

            Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1146 metr, eni isə 11.5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 m2 , səkilərdə isə 5200 m2 ərazinin asfaltlanması, 3300 paqon-metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılıb.

 

            Vladimir Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12.5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9630 m2 , səkilərdə isə 4050 m2 ərazi asfaltlanıb, 3200 paqon-metr yeni səki daşının düzülüb və 25 ədəd kanalizasiya qapağı dəyişdirilib.

 

            Təmir işlərinin aparıldığı daha bir küçə Əlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə ortalama 11.2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4700 m2  ərazi asfaltlanıb, 760 paqon-metr yeni səki daşı düzülüb və 16 ədəd kanalizasiya qapağı dəyişdirilib.

 

            Çernyavski küçəsinin uzunluğu 950 metr, ortalama eni isə 14.2 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə 15700 m2  ərazidə asfaltlanması işləri aparılıb, küçə boyu 1760 paqon-metr səki daşı yenilənib, həmçinin 5 ədəd yağış barmaqlığı və 42 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdirilib.

 

            Avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları çəkilib, yolun üfiqi nişanlaması aparılıb.