Qax rayonu Aşağı Malax-Qaşqaçay-Armudlu yolunun yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO

12 Oktyabr 2023- 13:32

Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12.5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri son mərhələdə olmaqla davam etdirilir.  

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir.

Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib. Artıq yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşmaq üzrədir.

Yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb.
 Layihə üzrə 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.

Layihə çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub. 

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...