Ödənişli yol sistemi istifadəçilərin hərəkətini idarə etmək, yolların baxım və təmiri üçün maliyyələşdirmə mənbəyini təmin etmək üçün bir vasitədir.
Ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə mümkün olacaq. Sözügedən kartları ödənişli yola giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
Kartların 2 cür olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edənlər daimi kartlardan, yoldan vaxtaşırı istifadə edən sürücülər isə müvəqqəti və ya birdəfəlik kartlardan əldə edə biləcəklər.
Ödənişli yol sistemi avtomobil yoluna daxil olarkən sürücülərə müxtəlif hərəkət zolaqlarından istifadə imkanı verir – adi və dayanmadan keçid zolaqları.
Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün xüsusi çiplə təchiz olunmuş kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur.
Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilmiş xüsusi çipli kart və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçid zolaqlarında ən son texnoloji standartlara uyğun olaraq xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllərdən istifadə olunmuşdur.
Dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur. Yolun Giləzi, Siyəzən, Gəndob və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız HİBRİD keçid zolaqları qurulub. Bu məntəqələrdə sürücülər yerində ödəniş edərək, və ya öncədən əldə edilmiş kartla eyni zolaqlardan istifadə edərək ödənişli yola daxil ola biləcəklər.
Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulur.
Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib.
Qeyd edək ki, bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılmışdır. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də qurulub.
Müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sitemi istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir. Belə ki, elektron ödənişlər, mobil tətbiqlər və avtomatik ödənişlər, sürücülərin yoldan çıxıb ödəniş terminalına yaxınlaşması və ya ödənişləri nəğd etməsi ehtiyacını azaldır. Həmçinin, gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.
Qeyd edək ki, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən 150 kilometrlik Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Ödənişli avtomobil yolu I b texniki dərəcəlidir və hərəkət zolaqlarının sayı 4-dür.
Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc nöqtəsi və son nöqtəsi, həmçinin digər avtomobil yolları ilə 4 kəsişmə və birləşmələri mövcuddur.
Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu 142 km-dir və yolun 80 kilometri Ib dərəcəli, 62 kilometri II dərəcəlidir. Müvafiq olaraq yol 4 və 2 hərəkət zolaqlıdır.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır.
YOLUNUZ AÇIQ OLSUN...