İki yerüstü piyada keçidinin tikintisinə start verilib VİDEO/FOTO

25 Oktyabr 2023- 12:20

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlik tərəfindən bu tədbirlər çərçivəsində daha iki layihənin icrasına start verilib. 
 
Belə ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı km-lik hissələrində yerüstü piyada keçidləri inşa olunur. 
 
Qeyd edək ki, hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır. 
 
Avtomobil yolunun 262-ci km-də inşa edilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46.8 metr, eni 3.3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
 
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
 
Agentlik tərəfindən avtomobil yolunun 266-cı km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 45  metr, hərəkət hissəsinin eni 3.3, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. 

Hazırda keçidlərdə  svay işləri aparılır.
 
Hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək.
 
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.


YOLUNUZ AÇIQ OLSUN...