Bakıdan Zəngəzura...
- 158 km yol, 22 tunel, 23 körpü necə inşa olunur?
- "Murovdağ" dünyanın ən uzun tunellər sırasına necə düşdü?
- 3260 metr hündürlükdəki dağ zirvəsinin altından 23,4 km-lik ikihissəli tunel gecə-gündüz necə qazılır?
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun şah əsəri olan Murovdağ tunelinə axşam çatdıq…
24 saatlıq fasiləsiz iş prosesində gecə növbəsi yeni başlayıb…
Azərbaycanlılardan və türklərdən ibarət işçi heyətinin bir qismi şaxtadan daldalanmaq üçün tikilən keçidlə dağların qoynuna - yataqxanaya qalxır, yeni gələnlər isə xüsusi təhlükəsizlik tədbirləri altında çalışmağa başlayırlar.
Nəhəng xüsusi təyinatlı maşınlar, ekskavatorlar, tunel hündürlüyündə iri texniki avadanlıqlar, dərinlikdə qazıntı üçün törədilən partlayışların sədası gecənin səssizliyini pozur…
Dünyanın ən uzun tunelləri sırasında olan Murovdağ tunelində gərgin iş günü davam edir…
Sürət, keyfiyyət, təhlükəsizlik…
"Proyapı" şirkətinin əməkdaşı, layihənin texniki nəzarət üzrə rəhbəri Sezgin Çakırla həmsöhbət oluruq. 32 illik yol, tunel, körpü inşaatı təcrübəsinə sahib olan Sezgin bəy Türkiyədə, İraqda, Kamerunda və digər ölkələrdə çalışıb. 6 ildir Azərbaycanda fəaliyyət göstərən həmsöhbətimiz 2021-ci ilin yanvarından Qarabağ və Şərqi Zəngəzur bölgəsindədir. Şuşaya Zəfər yolunun çəkilişinin ilk günlərindən fəaliyyətə başlayan müsahibimiz son 6 aydır Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsində çalışır.
Sezgin bəy məlumat verir ki, sol və sağ hissələrinin (sol hissəsi 11713,1 metr, sağ hissəsi isə 11691,9 metr) ümumi uzunluğu 23405 metr olacaq Murovdağ tuneli 3250 metr hündürlüyə malik Murovdağ zirvəsinin altı ilə keçir. Tunel iki istiqamətdən - giriş və çıxış nöqtələrindən paralel qazılır və tam ortada qazıntı işləri birləşərək, kəsişmə nöqtəsində başa çatacaq. Murovdağ tunelinin hər iki hərəkət istiqaməti üzrə qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb, sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib.
Tunel Azərbaycan və azərbaycanlılar üçün bir yenilikdir. Xarici ölkələrdə olarkən həsədlə baxdığımız bu nəqliyyat infrastrukturu artıq məmləkətimizdə də yaradılır və özü də dünyanın ən uzun analoqları sırasına girir. Bu baxımdan əlbəttə ki, sadə vətəndaşın sadə sualları da yaranır ki, yol inşaatçıları, adətən, onları gülümsəyərək cavablandırırlar.
"Toğanalıdan Zəngəzur sərhədlərinədək yolları tunelsiz tikmək olmazdımı? Bu qədər əziyyətə dəyərdimi" sualımıza da elə təbəssümlə cavab verir Sezgin Çakır: "Bu tunellər hər bir yolun vacib prioriteti olan əsas məsələlərə - sürət, keyfiyyət və təhlükəsizlik tələblərinə tam cavab verir. Yəni tunellər olmasa, bu tələblər də ödənməyəcək. Sürətin yüksəkliyi zamana qənaəti, keyfiyyətli yol rahatlığı təmin edəcək, təhlükəsizlik isə insanların həyatını qoruyacaq. Bu bölgənin çox çətin relyefi var. Yolların əksəriyyəti sərt aşırımlar, dolanbac keçidlər, təhlükəli sürüşmə zonalarından ibarətdir. Prezident İlham Əliyev bu layihəyə qərar verərkən, çox böyük müdriklik edib, ən əsası Azərbaycanın sabahını düşünüb".
Etiraf edək ki, Azərbaycanda dağları dəlməklə tunel tikintisi təcrübəsi yoxdur. Yeganə istisna 1958-1960-cı illərdə Laçında inşa olunan 200 metrlik kiçik tuneldir. Növbəti sualımız da elə tunel təhlükəsizliyi ilə bağlıdır: "Bəs 3.250 metr hündürlükdə dağ silsiləsinin yüz minlərlə ton ağırlıqlı kütləsini 24 km-lik tunel onilliklər boyu saxlaya biləcəkmi?"
Bu prosesin peşəkar izahını verən Əyyub Hüseynov tunel tikintisində istifadə olunan yeni metodlar, yüklülüyü paylamaqla azaltmaq təcrübəsi, müasir qazma üsulları, armaturlanma, yamacların bərkidilməsi, püskürdülmə, betonlama və bu prosesin zəruri mərhələləri barədə geniş məlumat verir. Əsas anladığımız odur ki, bu tunellər onilliklərə yox, əsrlərə davam gətirəcək. Zəfərimiz kimi əbədi olacaq!
Tunellər ekstremal situasiyalara hazır olacaqmı?
Necə ki dövlət olaraq tunel inşaatı təcrübəsini hələ yeni qazanırıq, vətəndaş olaraq da tuneldən istifadə təcrübəmiz yoxdur. 12 km yolu dağın altı ilə gün işığı görmədən getmək, yalnız psixoloji narahatlıq yaratmaz, həm də qəza, təhlükə mənbəyi ola bilər. Bu ehtimal isə növbəti sualımızdır…
Cavab konkretdir: hər tunelin girişində mükəmməl texnoloji təchizatlı idarəetmə mərkəzi yaradılacaq. Yüksək elektronik məlumatlandırma sistemi isə tunelə daxil olarkən dərhal avtomobillərin radiosuna qoşulacaq. Hər hansı ekstremal şəraitdə, qəza vəziyyətində durum ani nəzarətə götürüləcək, problem aradan qaldırılacaq. Təxliyənin sürətli və təhlükəsiz həyata keçirilməsi üçün də hər cür şərait yaradılacaq.
Cavabı qənaətbəxş və rahatladıcı saymaq olar….
Əyyub Hüseynovun, Sezgin Çakırın müşayiəti ilə işçi heyətinin, fəhlələrin yataqxanasına gedirik. Həm türk, həm də azərbaycanlılardan olan heyət mehribanlıqla süfrə arxasında oturub şam edirdi. Çöldə qar yağıntısına baxmayaraq içəridə hərarət yüksək idi. Sosial-məişət şəraitindən, yeməyin keyfiyyətindən, maaşlarından razılıq edən işçilər hər cür təminatları olduğunu söylədilər. Gördüklərimiz də bunu təsdiq edirdi…
Sezgin Çakır Azərbaycanın taleyüklü bu möhtəşəm layihələrində iştirakını həyatının unudulmaz məqamlarından sayır: "Qarabağda qazanılan Zəfər bütün türk dünyasının, xüsusən də Türkiyənin qələbəsidir. Bu qələbənin nəticəsi olan yol tikintilərində iştirak fürsəti isə Allahın bizlərə böyük lütfüdür. Biz burada Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm tarixinin növbəti şərəfli səhifələrini yazırıq. Dünyanın ən böyük tunellərindən birinin inşasında iştirak etməksə mənim iş həyatımın böyük uğurudur".
Layihəyə texniki nəzarəti həyata keçirən Sezgin Çakır komandası ilə tunellərin, yolların layihəyə və standartlara uyğunluqlarını yoxlayır. Proses həm sahədə, həm də laboratoriya şəraitində aparılır. Laboratoriya isə həqiqətən də mükəmməl səviyyədə təmin və təchiz olunub. İşçi heyətinin də əksəriyyəti azərbaycanlı kadrlardır.
Prezidentlərə verilən söz
Sübh tezdən Murovdağ tunelinin çıxışına - Kəlbəcərin Yanşaq kəndinə üz tuturuq. Qeyd etdiyimiz kimi, buradan tunel paralel olaraq girişə doğru qazılır.
Bizi "CENGİZ İnşaat Sənaye və Ticarət" şirkətinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzrə layihə rəhbəri Əkrəm Tütünçü qarşılayır. Türkiyədəki tunel inşaatından başlayan fəaliyyəti Sloveniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya və digər ölkələrdən keçib. Trabzonlu Əkrəm bəy tam bir Azərbaycan sevdalısıdır…
Böyük Zəfərdən üç gün sonra, Xorvatiyada mühüm layihə həyata keçirdiyi vaxt ona şirkətinin rəhbərliyi tərəfindən zəng gəlir və təcili Azərbaycana getməsi tapşırılır. Bir neçə gün sonra o, artıq Azərbaycanda iş başında, layihə icrasında, yol çəkilişində idi…
Qardaş torpağında deyil, öz vətənində çalışdığını söyləyən və bu işi həyatının ən şərəfli mərhələsi kimi qəbul edən Əkrəm Tütünçü Zəfər yolunun ilk cığırdaşlarındandır. O, Şuşadan Kəlbəcərədək fəaliyyətinin çətin anlarını, əslində, xatırlamaq istəmir. Deyir ki, zəfərimiz də çətin oldu, demək onun yollarını çəkmək də asan olmamalıdır: "Azərbaycan Ordusunun əsgərlərinin ayaq izləri ilə Şuşaya yol çəkirdik. Yəni orada yol olmamışdı. Saleh Məmmədov və onun əməkdaşları ilə birgə gecəli-gündüzlü, şaxtada-qarda dağlarda gəzir, yeni yol üçün istiqamət müəyyənləşdirirdik. Avtomobillərdə gecələyirdik... İnanın, yatmağa yerimiz, bəzən yeməyə xörəyimiz olmurdu. O məsuliyyətli və şərəfli işdə bunları düşünmək belə günah sayılardı bizə... Adi cığırda yol çəkmək nə qədər çətindirsə, ora texnikanı, avadanlığı gətirmək ondan da böyük problemdir. Ancaq Azərbaycan Prezidenti, onun kadrları bunu bacardılar və qısa müddətdə keyfiyyətli Zəfər yolu inşa olundu".
Qara dəniz bölgəsinə xas dərin emosionallıq və yüksək səmimiyyətlə, böyük coşqu ilə, həyəcanla danışır Əkrəm Tütünçü: "Sizin, bizim zəfər yoxdur, böyük türk dünyasının zəfəri var və bu zəfərin nəticələrini, hədəflərini gerçəyə çevirmək, - necə ki yollar, tunellər də bura aiddir, - bizim namus borcumuzdur, şərəf məsələmizdir. Başqa cür ola da bilməz! Prezident İlham Əliyev Murovdağ tunelinin təməlini qoyanda tunelin girişlərində iki liderimizin şəkilləri ilə yanaşı çox böyük "Azərbaycan-Türkiyə bir candır" şüarı asılmışdı. "CENGİZ İnşaat" məhz bu sözün ruhuna uyğun sədaqətlə işini qurur. Hər iki Prezidentə söz vermişik. Biz burada hər addımda Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm abidələrini yaradırıq".
Həqiqətən də görülən hər bir iş möhtəşəmdir, şanlı abidədir…
Tuneldə çalışan işçi heyətlə söhbətləşirik. Briqadir Etibar Əliyev Zəfərin ilk günlərindən "CENGİZ İnşaat"la birgədir. Artıq üç ildir şirkətin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələrdə fəaliyyət göstərir. Öncə Şuşa, Daşaltı istiqamətində inşa edilən körpü-tunel tikintisində usta kimi çalışıb. Dediyinə görə, bütün göstəriş və tapşırıqları vaxtında, uğurla həyata keçirdiyi, məsuliyyətli çalışdığı üçün "formen" - briqadir vəzifəsinə təyin edilib. Bir müddətdir Kəlbəcərdəki layihələrdə iştirak edir. Sərt iqlimə, relyefin çətinliyinə baxmayaraq, heç nədən narahat deyil. Hər cür qayğı və diqqətlə əhatə olunduqları üçün Etibar böyük həvəslə, coşqu ilə çalışmağa özünü borclu sayır…
Qeyd edək ki, layihə üzrə ümumi uzunluğu 2968 metr olan 6 qovşaq, 5600 metrlik 38 bağlantı yolu, 22 avtomobil dayanacaq cibi də tikiləcək. Nəzərə alaq ki, layihə yalnız yol və tuneldən ibarət deyil. Məsələn, layihə çərçivəsində 164 dairəvi və 118 düzbucaqlı borunun, 18 suötürücü qurğunun, 2433 m trapez kanalın, 64534 kvadratmetr Geoerme divarın, 5363 m istinad divarının, 36346 m daş divarın tikintisi nəzərdə tutulub. Bütün avadanlıqlar ən müasir - son nəsil texnoloji üstünlüyə malikdir. Tikinti materialları əsasən yerli istehsaldır, qismən Türkiyədən gətirilir.
Layihənin icrasında bölgənin ekoloji mühitinə zərər vurulmayıb. Torpağın münbit qatına, çay yataqlarına, ekosistemə toxunulmayıb. Prezidentin "Kəlbəcərin ekosistemi, faunası, florası toxunulmaz qalmalıdır" tapşırığı birmənalı icra olunur.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 4 və 5-ci tunelləri müvafiq olaraq 480 m və 947,90 m uzunluğundadır. Hazırda Murovdağ tunelindən başqa digər 4 tuneldə qazma işləri başa çatıb, tamamlanma işləri aparılır. Ümumiyyətlə, bu avtomobil yolunun gələn ilin sonunda tam istifadəyə verilməsi planlaşdırılır. Sonrakı mərhələdə hədəf isə Kəlbəcərin daxili yolları və Ağdərədən keçən Tərtər-Kəlbəcər yoludur.
Kəlbəcərdən Laçına 17 tunel, 23 körpü…
Kəlbəcərin Qamışlı kəndindən Laçına doğru yeni bir layihə - 75,8 km-lik Kəlbəcər-Laçın avtomobil yolu başlayır. Mövcud yoldan 32 kilometr qısa olacaq yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası davam edən Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
I və II texniki dərəcəli iki, üç və dördzolaqlı olmaqla inşa edilən yeni yolun üzərində 17 tunel nəzərdə tutulur. Kəlbəcər kimi Laçın yollarının da sərt aşırımlı, dolanbaclı olması burada da tunel tikintisini zəruri edir. Yolun təhlükəsiz istismarı üçün dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4180 metr olan 23 körpü, uzunluğu 1076 metr təşkil edəcək 2 qovşaq inşa olunacaq.
Laçında aparılan işlərin yol inşaatçıları üçün əlahiddə əhəmiyyəti, mənəvi dəyəri var. Çünki ənənə məhz buradan başlayır. Azərbaycanda ilk şose yolu o vaxt Abdalyar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında 1850-ci ildə inşa edilib. İrsə, keçmişə sədaqətlə Laçında 173 il sonra yeni intibah nümunəsi yaradılır…
Rəqəmlərlə oxucuları yormaq istəməzdik. Amma Kəlbəcər-Laçın yolunda inşa olunan 17 tunelin uzunluğuna statistika, quru rəqəm kimi yox, milli qürur və bacarığımızın təntənəsi kimi yanaşaq və fərəhlənək: 205,6 m, 370,9 m, 1808 m, 469,95 m, 633,15 m, 491,1 m (2397,63 və 2393,47 metrlik ikihissəli), 269,86 m, 743,98 m, 210,5 m, 336 m, 394 m, 674 m, 459 m, 714 m, 524 m, 234 m, 464 m…
205 metrdən 4.791 metrədək uzanan 17 tunel...
Bir rayon ərazisində 17 tunel...
Ümumiyyətlə isə Kəlbəcər və Laçında 158 km-lik yeni yol üzərində 22 tunel, 23 körpü inşa olunur. Həmçinin sərhədboyu hərbi təyinatlı bütün məntəqələrə təminat yolları çəkilib. Amma proses bununla kifayətlənmir…
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2361,1 km uzunluğunda 21 avtomobil yolu layihəsi icra olunur. 66 km uzunluqda 39 avtomobil tuneli, 12 kilometrlik 100-dən artıq körpü, viaduq və yol ötürücüsü də inşa edilir. Xankəndidən Kəlbəcərə, Ağdamdan Laçına, Füzulidən Xocalıya, Zəngilandan Ağdərəyə, Xudafərindən Sərsəngə məsafə qısalır…
Zəfər insanları da, bölgələri də bir-birinə yaxınlaşdırır və qovuşdurur…
Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol-nəqliyyat infrastrukturu yaradılır…
3 il öncəyədək işğal altında inləyən bölgələr indi qlobal "hab"a - mühüm beynəlxalq nəqliyyat-logistik qovşağa çevrilir...
Bunlar xəyal deyil, Zəfərin, "Dəmir yumruğ"un reallıqlarıdır…
Minilliklər boyudur yolu müqəddəs sanmışıq...
İndi müqəddəs ünvanlara, müqəddəs hədəflərə doğru bu müqəddəs yollarla gedirik...
Demək, Bakıdan Zəngəzura və o taya yolumuz açıq olacaq!..
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan",
Bakı-Kəlbəcər-Laçın-Bakı