Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir.
Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdirilir.
Həyata keçirilən layihələrdə nəzərə alınan əsas məsələlərdən biri də yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsidir
Bu istiqamətdə Türkiyənin “ASELSAN” şirkəti ilə birgə “Nəqliyyat Vasitəsi Aşkarlama və Yüksək Sürətli Tərəzi Ölçü Sistem Layihəsi” çərçivəsində Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib.
Elektron tərəzilərin vahid monitorinq mərkəzinin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-nin direktoru Azər Nemətli və “ASELSAN” şirkətinin nümayəndələri iştirak edib.
Ağıllı nəqliyyat həlləri ilə həyata keçirilən layihədə avtomobil yollarında nəqliyyat vasitəsinin dayanmadan və sürəti azaltmadan ağırlığının ölçülməsilə hərəkət sıxlığının azaldılması və daha səmərəli nəqliyyat axınının təmin edilməsi hədəflənir.
Qeyd edək ki, ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin yollarda quraşdırılması işləri 2 mərhələ üzrə aparılır.
Sözügedən layihə çərçivəsində Avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, I mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. II mərhələdə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması planlaşdırılır. Bu çərçivədə artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45 və 129-cu kilometrliyində üç tərəzinin quraşdırılması həyata keçirilib.
Qurulan stansiyalar vasitəsilə hərəkətdə olan nəqliyyat vasitələrini dayandırmadan, nəqliyyat axınını pozmadan və ümumi hərəkət işinə təsir etmədən nəqliyyat vasitələrinin çəkisi, ölçüləri, dövlət qeydiyyat nişanı, sinifi və sürəti barədə məlumatlar əldə etmək mümkündür. Aşkar edilmiş avtomobil haqqında məlumat Elektron tərəzilərin vahid monitorinq mərkəzi vasitəsilə canlı və ya retrospektiv şəkildə izlənilə bilər.
Ağıllı nəqliyyat sistemlərinin imkanları çərçivəsində qurulan yüksək sürətli tərəzi ölçü sistemi nəqliyyat vasitələrinin nəqliyyatda yarada biləcəyi riskləri minimuma endirərək magistral yol təhlükəsizliyini təmin edir. Bu sistem magistral yollar, körpülər, tunellər və digər infrastrukturlar üçün təhlükəsiz keçidlər yaradır. Bundan əlavə, bu layihə hava çirkliliyi və istixana qazı emissiyalarının da azaldılmasına xidmət edir.
Qeyd edək ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər görülməkdədir.
Gələcəktə zəruri olan və yeni tikilən avtomobil yollarında da sözügedən tərəzilərin quraşdırılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...