Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsi təmir olunur - VİDEO / FOTO

11 Avqust 2016- 00:00
11 Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsi təmir olunur - VİDEO / FOTO

         

          Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər davam etdirilir.

 

          Bu çərçivədə uzun müddətdir ki, təmir olunmadığından hərəkət hissəsi sıradan çıxmış küçələrin təmir edilərək vətəndaşların istifadəsinə verilməsi istiqamətində mühüm addımlar atılır.

 

            Növbəti bu cür təmir işi Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsində aparılır. Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.

 

            Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilir, digər mövcud xətlər isə bərpa olunur. Bundan başqa cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılır. Bütün bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

 

            Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə küçənin təqribən 6300 m2 ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

 

            Küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunur, 1400 paqon-metr köhnə səki daşı yenisi ilə əvəz olunur. Həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqlarının da yenilənməsi nəzərdə tutulub.

 

            Sadalanan bütün bu işlər yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqları, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.