Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır - VİDEOREPORTAJ / FOTOLAR

15 Avqust 2016- 00:00
11 Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi aparılır - VİDEOREPORTAJ / FOTOLAR

 

            Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər görülür.

 

            İlkin mərhələdə sözügedən avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi aparılır. Burda yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

 

            Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı.

 

            Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qırmadaş layı döşənərək isə yol əsası tikilib. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

 

            Bundan başqa yol boyu köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda yola yeni asfalt-beton örtüyününü döşənməsi işləri aparılır. Ümumilikdə 73 min m2 sahənin asfaltlanması nəzərdə tutulub. 

 

            Bundan başqa vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılır. Səkilərin kənarına yeni səki daşları düzülür. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.

 

            Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulub.

 

            Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yükskək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

            Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.