Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 km)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
Uzunluğu 42.35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağının inşasına hazırlıq aparılır.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.
Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...