AAYDA tərəfindən 2023-cü il ərzində yerinə yetirilmiş işlər barədə HESABAT/VİDEO

1 Fevral 2024- 08:44
11 AAYDA tərəfindən 2023-cü il ərzində yerinə yetirilmiş işlər barədə

Müasir yol infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də davam etdirilmişdir. 

2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirmişdir.

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində aparılan işlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib.

2023-cü il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılmışdır (72,1%). 

Cənab Prezident 2023-cü il may ayının 5-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən uzunluğu 12,0 km olan Füzuli-Hadrut avtomobil yolunun, 2023-cü il dekabr ayının 24-də Ağdama səfəri zamanı isə uzunluğu 44,5 km təşkil edən birinci dərəcəli Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak etmişdir. 

Ümumilikdə isə Prezident cənab İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva 2023-cü il ərzində 15 dəfə avtomobil yollarının, yol qurğularının açılışı, təməlqoyma və işlərin gedişi ilə tanışlıq mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdirlər. 

Hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa edilib.

2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.

2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km),  Tərtər-Ağdərə (24,2 km)  və Füzuli- Xocavənd-Ağdam avtomobil yolunun (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcək.

 

2023-cü il ərzində  yerinə yetirilmiş işlər

2023-cü il ərzində 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
Respublika əhəmiyyətli                   - 418,8 km
Yerli əhəmiyyətli                              - 418,5 km;
Bakı şəhər yolları                            - 44,4 km.  

Bu istiqamətdə Sabirabad şəhəri daxilində uzunluğu 5,9 km təşkil edən Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektin, Zərdab rayonunda uzunluğu 13 km təşkil edən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun, Xaçmaz (30 km), İmişli (43,5 km), Masallı (38 km), Zaqatala (22,3 km), Beyləqan (36 km), Xaçmaz (30,0 km), Qax (12,5 km), Siyəzən (27 km) rayonları ərazisində yerləşən kəndlərarası  avtomobil yollarının yenidən qurulması, həmçinin Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 61,4 km hissəsinin əsaslı təmiri  da baş çatmışdır.

Bununla yanaşı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3), 26 km-lik hissəsinin, Neftçala rayonunda (42 km), Salyan rayonunda (33 km) avtomobil yollarının əsaslı təmirinə başlanmışdır.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 5,3 km hissəsində beton örtük sökülərək asfalt-beton örtüklə əvəz edilmişdir. 

İl ərzində həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də uzunluğu 45 m,  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci  km-də  uzunluğu  30 m, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində uzunluğu 65,4 m olan və Zuğulba prospektində uzunluğu 65 m, Zığ-Hövsan avtomobil yolunun 1,8, 2,7 və 4,4-cü  kilometrlərində (hər birinin uzunluğu 74 m olan) 7 ədəd yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Bununla yanaşı uzunluğu 31 km olan M-5 Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (17 km) - Kərimli avtomobil yolu və iki körpü əsaslı təmir olunub.

2023-cü ilin sentyabr ayında yağıntıların normadan 2-3 dəfə artıq leysan xarakterli, intensiv və güclü olması səbəbindən, Xaçmaz rayonunda R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində inşa edilmiş körpü və Astara rayonu ərazisində Şiyəkəran kəndi ərazisində Təngərud çayı və  Vaqo kəndi ərazisində Vaqo çayı üzərində tikilmiş körpülər də qəzalı vəziyyətə düşdüklərinə görə bərpa edilmişdir.

Həmçinin yeni tikilən Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun 9-cu km-də İncəçay üzərində uzunluğu 84 m, eni 14,5 m olan 3 aşırımlı və Füzuli-Hadrut avtomobil yolu üzərində uzunluğu 18 m, eni 21 m olan bir aşırımlı körpülər də tikilmişdir.

 

Daxili İnvestisiya hesabına aparılan işlər 

2023-cü ildə Daxili İnvestisiya hesabına yerinə yetirilən Respublika əhəmiyyətli  layihələr üzrə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 150 km hissəsinin tikintisi (150 km,  4 hərəkət zolaql) başa çatdırılmışdır.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 129 km hissəsinin ödənişli əsaslarla istismar edilməsi məqsədlə nəzərdə tutulan tədbirlərin icrası həyata keçirilir.

Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) və piyada keçidlərinin tikintisi davam etmişdir.

 

Xarici kredit hesabına görülən işlər

2023-cü il ərzində  M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi  hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) və  M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilmişdir.  

M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi  layihəsinin Gəncə şəhərindən Qazaxbəyli kəndinədək olan 102 km hissəsinin tikintisi başa çatdırılaraq, 2023-cü ilin avqust ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilmişdir.  

Qeyd edək ki, uzunluğu 130,15 km olan I dərəcəli avtomobil yolunun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2024-cü ilin I yarımilliyində başa çatdırılması nəzərdə tutulur.

M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan-Biləsuvar hissəsinin yenidən qurulması layihəsi üzrə yerinə yetirilən işlərin fiziki tərəqqisi isə 42 %-ə çatdırılmışdır. 

Uzunluğu 71 km olan II texniki dərəcəli sözügedən  avtomobil yolunun tikintisi işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

 

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

2023-cü il ərzində İşğaldan azad edilmiş avtomobil yollarında, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5 946 yol nişanları, 11 863 siqnal dirəkləri, 87,6 km uzunluğunda  əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 2969,3 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.

2023-cü il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında habelə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 694 yol-nəqliyyat hadisəsi baş vermişdir. 

Ümumilikdə yol təsərrüfatına 785 766,9 manat məbləğində maddi ziyan dəymiş, bundan  492 118,6  manatı  (62,6 %) ödənilmişdir.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin siğortası olmadığına görə məhkəmələrə, 59 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.

 

Ekologiya və yaşıllaşdırma

Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.     

Avtomobil yollarının təhkim zolağında 2021-2022-ci illərdə 272336 ədəd, 2023-cü ildə isə 147665 ədəd, ümumilikdə 700 hektar ərazidə 420001 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

Hazırda 19,92 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 118254 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

Əməyin mühafizəsi və texniki təhlükəsizlik 

Agentlikdə işçilərin sağlamlığının təminatı, iş qabiliyyətinin saxlanılması müvafiq norma və qaydalara uyğun təşkil edilmişdir.

İşğaldan azad edilmiş ərazilərdə yol tikinti işlərinə cəlb edilmiş təsərrüfat cəmiyyətlərinin işçilərinin mina və partlayıcı sursatların təhlükəsindən qorunması üçün zəruri olan bütün tədbirlər görülür və qanunvericiliklə müəyyən olunmuş qaydada mütamadi olaraq təlimatlandırılır, işçilərə mina və partlayıcı sursatların təhlükəsindən qorunması üzrə təlimat keçən cavabdeh vəzifəli şəxslər mütəmadi olaraq ANAMA tərəfindən təşkil edilən marifləndirici təlim kurslarına cəlb edilirlər. Belə ki, 2023-cü ilin 31 mart və 6 aprel tarixlərində podratçı təşkilatlardan da iştirakçılar çəlb edilməklə 115 nəfər, 2023-cü ilin 6-8 dekabr tarixlərində 162 nəfər cavabdeh vəzifəli şəxsin Bakı və Göygöl şəhərlərində təşkil edilmiş təlimlərdə iştirak etmələri təmin edilmişdir. Təlimdə iştirak etmiş vəzifəli şəxslər yerlərdə 2000 nəfərdən çox işçiyə müvafiq qaydada təlimat keçmişlər.

 

Vətəndaşların qəbulu

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 rayonda 25 rayondan olan vətəndaşların qəbulu keçirilib.  

Qeyd edilən vətəndaş qəbulları zamanı 181 vətəndaşın müraciəti dinlənilib və həlli yolunda İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib. 121 müraciətin həlli yerindəcə təmin edilimişdir.

 

Rəqəmsal idarəçiliyin inkişafı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidənqurulması istiqamətində yeniliklər tətbiq edir. Bu istiqamətdə müasir texnologiyaların imkanlarından da geniş istifadə olunur, qurumun fəaliyyəti ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında təmin olunur. Ümumilikdə isə müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər  uğurla davam etdirilir.

Rəqəmsal idarəçiliyin inkişafı istiqamətində Agentlikdə 25 may 2022-ci il tarixində daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, o cümlədən effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb. 26 aprel 2022-ci il tarixli, 23 nömrəli əmr ilə Agentliyin Avtomobil Yolları İnformasiya Sisteminin (AYİS) Təhlükəsizlik Komissiyası yaradılıb.

Agentliyin tabeliyində olan təşkilatların Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) keçidinin təmini məqsədilə, 1 yanvar 2023-cü il tarixindən etibarən bütün yazışma və kargüzarlıq fəaliyyətinin adıçəkilən sistemdən istifadə edilməklə həyata keçirilməsi təmin edilmişdir.

Qeyd edilən tapşırığın icrası məqsədilə tabeli MMC-lərin əməkdaşlarına AYİS sistemindən istifadəyə dair fərdi və qrup şəklində təlimlər keçirilmişdir.

2023-cü İl ərzində Avtomobil Yoları İnformasiya Sisteminə 68639 sənəd yerləşdirilib. 

Hesabat dövründə dövlət və qeyri-dövlət müəssisələri, fiziki şəxslər tərəfindən daxil olan icra sənədləri heç bir gecikmə halı baş vermədən tam və vaxtında icra olunub. 


 “Çağrı Mərkəzi”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə 2023-cü il ərzində 6655 zəng daxil olub.

Zəng edən vətəndaşların 2522 nəfərinin müraciəti yerindəcə, 3211 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 761 müraciət digər qurumlara yönləndirilib. 

Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 161 zəng qəbul olunaraq dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Qeyd edək ki, “Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir və vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib. 


YOLUNUZ AÇIQ OLSUN...