Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.
Agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyası onun layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla inamla həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
Ümumilikdə isə 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 11 418,7 km Yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir.
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğu 2023-cü ilin ölkəmizin tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacağı və bu tarixi qələbə ilə böyük hərflərlə yeni bir tarix yazan Azərbaycanın 30 ildən çox bir müddət ərzində işğalda qalan Ağdərə, Sərsəng su anbarı, Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və bu ərazilərdəki avtomobil yollarının işğaldan azad edildiyini qeyd edən Saleh Məmmədov bildirilib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.
2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.
Saleh Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etirilib. Bu çərçivədə ötən il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılmışdır (72,1%).
Həmçinin hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyev 2023-cü il may ayının 5-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən uzunluğu 12 km olan Füzuli-Hadrut avtomobil yolunun, 2023-cü il dekabr ayının 24-də Ağdama səfəri zamanı isə uzunluğu 44,5 km təşkil edən birinci dərəcəli Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
Ümumilikdə isə Prezident cənab İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva 2023-cü il ərzində 15 dəfə avtomobil yollarının, yol qurğularının açılışı, təməlqoyma və işlərin gedişi ilə tanışlıq mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdirlər.
Ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin artdığını bildirən Saleh Məmmədov qeyd edib ki, ümumilikdə 2023-cü il ərzində 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
İclasda həmçinin ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, cari ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərdən, qazanılan uğurlardan, nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması istiqamətində aparılan tədbirlərdən, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında cari ildə də idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışılaraq 2024-cü il üçün iş planı təsdiq olunub.
Kollegiyada Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Kollegiya iclasına yekun vuran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov ötən il səmərəli fəaliyyəti ilə fərqlənən işçilərə fəxri fərmanlar təqdim edib.
Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cü il ərzində həyata keçirilmiş layihələr barədə hesabat filmi nümayiş olunub. (FİLMƏ KEÇİD)