Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 Avqust 2016- 00:00
11 Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

          Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

          1. Yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,0 (iki) milyon manat ayrılsın.

 

          2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2016-cı il.