Yeni yerüstü piyada keçidinin inşasına start verilib FOTO

14 Fevral 2024- 15:23
11 Yeni yerüstü piyada keçidinin inşasına start verilib

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
 

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
 
Agentlik tərəfindən bu çərçivədə piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşasına start verilib. 
 
Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir. 
 
Yol səviyyəsindən hündürlüyü 6.80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.  
 
Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır.  Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.
 
İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq. 
 
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub. 
 
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
 
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
 
 
 
YOLUNUZ AÇIQ OLSUN...