Pirallahı rayonunda Elmar Nəbiyev küçəsi təmir edilib VİDEO/FOTO

27 Fevral 2024- 11:38

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayonun Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib.

1.3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
 
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri icra olunub. 

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunub. 
 
YOLUNUZ AÇIQ OLSUN...