Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmirinə start verilib.
Uzunluğu 23 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir.
10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur.
Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihə çərçivəsində Urvaoba kəndi ərazisində mövcud körpünün təmiri də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...