Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 33,0 - 35,0-ci km-nin mühafizə zolağında1500 ədəd Eldar şamı ağacları əkilmişdir.
Ağacəkmə aksiyası Agentliyin “Avtomobil Yollarının Yaşıllaşdırması” Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilmişdir. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarında, eyni zamanda Bakı şəhərinin Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolunun mühafizə zolağında, paytaxt ərazisindəki digər yolötürücüləri və yolqovşaqlarının ərazilərində xeyli miqdarda müxtəlif növ ağac tingləri və kol bitkisi əkilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmışdır. Əkilən ağacların böyük hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilmişdir.
Qeyd edək ki, bu yaşıllıqlara qulluq zamanı onların vəziyyəti öyrənililir, xəstəlik və zərərvericilərdən mühafizə olunması məqsədilə müntəzəm müşahidələr aparılır. Aqrotexniki qulluq zamanı isə torpaqda yumşaltma işləri aparılır, alaq otları və digər yabanı kollar sahədən götürülür, yaşıllıqlar suvarılır və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri aparılır.
Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.
YOLUNUZ AÇIQ OLSUN...