Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında icra edilən yol layihələrinə baxış keçirilib  VİDEO/FOTO

19 Mart 2024- 10:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında olub. 

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 65.7 km olan Füzuli-Ağdam avtomobil yoluna və Ağdam şəhərinin daxili yollarının tikintisi işlərinə baxış keçirib.

Ağdam-Füzuli avtomobil yolu I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri davam etdirilir. 

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidlərinin, həmçinin körpü və yol ötürücülərinin tikintisi aparılır

Ağdam şəhərinin daxili yollarında isə torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.

Daha sonra İdarə Heyətinin sədri uzunluğu 18 km olan Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən avtomobil yolu, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin uzunluğu 80 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolllarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub. 

Qeyd edək ki, hər 3 avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulur. Hazırda qeyd edilən avtomobil yolları boyunca genişlənmə və torpaq işləri, həmçinin suötürücü boruların tikintisi aparılır.

Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib. 

Xatırladaq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən 2023-cü ilin sentyabr ayının 19 və 20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edilməsi ilə sözügedən avtomobil yollarının yenidən qurulmasına başlanıldı.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...