Gəncə şəhərinin daxili yollarının təmiri yekunlaşıb VİDEO/FOTO

27 Mart 2024- 15:02

Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılıb.

Belə ki, Sərəncama əsasən Gəncə şəhərində Süleyman Rüstəm və digər 52 adda küçənin təmiri aparılıb. Təmir olunan küçələrin ümumi sahəsi 522 min m2 təşkil edir. 

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilib. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunub, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək. 

YOLUNUZ AÇIQ OLSUN...