Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli bir min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon (səkkiz milyon altı yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2016-cı il.