Yeni yerüstü piyada keçidinin inşasına start verilib

1 May 2024- 11:24
11 Yeni yerüstü piyada keçidinin inşasına start verilib

Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü  km-də yeni piyada keçidinin inşasına start verilib.

Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. 

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...