Paytaxt Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi. İlk dəfə olaraq və sınaq məqsədilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilmişdi.
Hazırda bu yenilik Nobel prospektində tətbiq edilir. Prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda prospektin “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissəsində yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.