“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib VİDEO

13 May 2024- 09:00

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə ağacəkmə aksiyaları davam etdirilir.  

Aksiya zamanı Bakı Dairəvi I yolunun, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında 7 440 ədəd Eldar şamı, qızılgül və həmişəyaşıl kol bitkiləri əkilib.  

Ağacəkmə aksiyaları respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarında da keçirilib. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının mühafizə zolaqlarına ümumilikdə 31 591 ədəd Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilib.

Qeyd edək ki, cari il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarında ümumilikdə 39 031 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Əkilən ağacların böyük hissəsi Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin tinglik sahələrində yetişdirilmişdir.  

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu kimi tədbirlər davam etdirilir.  

YOLUNUZ AÇIQ OLSUN...