“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir - VİDEO / FOTO

2 Sentyabr 2016- 00:00
11  “20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir - VİDEO / FOTO

         

          Bakı şəhərində avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər davam etdirilir.

 

          Bu çərçivədə şəhərin bir-neçə ərazisində müvafiq işlər görülüb, bu da öz növbəsində sıxlığı aradan qaldırılmasına müsbət təsirini göstərmiş olub.

 

          Bu cür ərazilərdən biri də paytaxtın şimal girişidir. Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru yol genişləndirilir.

 

          Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur. Bu gündən başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

 

          Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

 

          Qeyd edək ki, avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.

 

          Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq genişləndirmə işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

          "Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.