Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlərin icrası davam edir.
Bu çərçivədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) təmir işləri icra olunur.
Təmir zamanı küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin və yol ayrıcının bərpası işləri yerinə yetirilib.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Xatırladaq ki, bundan öncə sözügedən küçənin Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində anoloji təmir işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...