8 Noyabr prospektinin təmiri davam etdirilir VİDEO/FOTO

24 May 2024- 10:00

Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan təmir işləri davam etdirilir.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Aparılan işlər çərçivəsində prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb. Hazırda sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması işləri icra olunur, yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.

Qeyd olunan işlər prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.

Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Xatırladaq ki, işlərin aparıldığı hissədə ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından məhdudlaşma tətbiq edilib.

Alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

YOLUNUZ AÇIQ OLSUN...