8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşmaq üzrədir VİDEO/FOTO

29 May 2024- 10:32

Rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində aparılan təmir işləri davam etdirilir. 

Bu çərçivədə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. 

Sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir. 

Xatırladaq ki, əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və ya onların birbaşa iştirakı ilə aparılır.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.

Ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hissədə məhdudlaşma tətbiq edilib.

Sürücülər təmir müddətində alternativ olaraq sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

YOLUNUZ AÇIQ OLSUN...