Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələdə olmaqla davam etdirilir.
Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolların eni 8.5-9 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
Layihə üzrə həmçinin suvarma və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.
Hazırda yol çiyinlərinin bərkidilməsi işləri icra olunur.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq, kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN…