“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirildi - VİDEO / FOTO

8 Sentyabr 2016- 00:00
11 “20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirildi - VİDEO / FOTO

             Bakı şəhəri Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

 

            Artıq sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 

            Qeyd edək ki, bu ərazidə işlər Bakı şəhərində avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində görülürdü.

 

            Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilib.

 

            Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib.  Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmış olub.

 

          Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti sözügedən ərazidə avtonəqliyyat axınının yüksək olması nəzərə alınaraq qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunmuşdu.

 

            “Azəravtoyol” ASC bundan sonra da avtonəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlərini davam etdirəcək.