Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb.
Sözügedən ərazidə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib.
Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb. Yeni hərəkət hissələrinin eni 5 metr, uzunluqları isə bir istiqamət üzrə 440 metrdir ( 440m x 2 ).
Ümumilikdə 5 min m2 – dən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1.5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.
Tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.