Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Qaradağ rayonu Səngəçal-Umbakı avtomobil yolunun 13-cü və 24-cü kilometrliklərində yerləşən iki avtomobil körpüsü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib.
Körpülər istismar müddətlərini başa vurduğundan, həmçinin ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətdə idilər.
Bərpa işləri zamanı sözügedən avtomobil yolunun 13-cü km-də yerləşən 4 aşırımlı körpünün uzunluğu 37.5 metrdən 47 metrə, eni isə 7.5 metrdən 8.5 metrə qədər genişləndirilib.
Digər 3 aşırımlı körpünün isə bərpadan öncəki uzunluğu 37 metr, eni 7.5 metr olub. Bərpadan sonra körpünun uzunluğu 39 metr, eni isə 8.5 metrə qədər genişləndirlib.
Təmir işləri zamanı körpülər demək olar ki, sökülərək yenidən bərpa olunub. Dayaqlar və hərəkət hissəsi dəmir-beton, aşırım hissəsi isə metal konstruksiyalardan yenidən inşa edilib, körpülərin hərəkət hissəsinə asfalt-beton örtük döşənib. Hər iki körpünün kənarlarına yeni dəmir məhəccərlər quraşdırılıb.
Qeyd edək ki, Səngəçal-Umbakı avtomobil yolunun üzərində yerləşən hər iki körpü 1960-cı ildə inşa edilib.