Yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər davam etdirilir VİDEO/FOTO

18 İyul 2024- 13:08

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər davam etdirilir. 

“İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində artıq ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması yekunlaşıb. Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb. 

Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol əsasının inşası da yekunlaşdırılaraq artıq asfaltlanma işlərinə başlanılıb

Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək. 

İşlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdir. 

Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdir. 

YOLUNUZ AÇIQ OLSUN...