Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri davam etdirilir VİDEO/FOTO

30 İyul 2024- 15:13

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı şəkildə təmiri davam etdirilir.

Uzunluğu 32 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilib.

Artıq layihə üzrə torpaq işləri, yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası işləri icra olunub. Layihə üzrə asfalt örtüyünün alt qatının döşənməsi işləri sona çatıb. Hazırda yeni asfalt-beton örtüyününün döşənməsi və yolun Qırmızı Qəsəbədən keçən hissəsində zəruri yerlərdə yeni səki daşlarının düzülməsi işləri davam etdirilir.  

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də aparılıb. 

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

YOLUNUZ AÇIQ OLSUN...