Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.
Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.
Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində, həmçinin sözügedən layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb. Artıq hər iki hissə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsi-Zığ Dairəsi hissəsində davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Anoloji işlər prospekt boyunca yol ayrıcında da aparılır. Yol ayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.
Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni 8 zolaq (4+4) saxlanılmaqla 3 metr enində (1.5 m gediş, 1.5 m gəliş) ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 2.4 metr olan ( 1.2 m gediş, 1.2 m gəliş) “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.
Artıq prospektdə təmir-tikinti işləri çərçivəsində 32 min kv.m yeni səki daşı düzülüb, səki, ayrıcı zolaq və bufer zonada 25 min kv.m bəzək daşı (tamet) döşənib, 2 min kv.m velosiped zolağı tikilib, 170 kommunikasiya xətlərinin baxış qapağı və səth sularının ötürülməsi üçün yağış barmaqlığı quraşdırılıb.
Agentlik tərəfindən hazırda uzunluğu 2.2 km olan prospektin Sadıqcan küçəsi-Zığ Dairəsi hissəsində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamət üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətdə, yəni Zığ Dairəsi-Sadıqcan küçəsi hissəsində də asfaltlanma işlərinin icrasına başlanılacaq.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...