Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissəsinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.
Sözügedən hissənin uzunluğu 87,8 km-dir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası həyata keçirilib.
Ümumiyyətlə avtomobil yollarının yenilənməsi, yenilənməylə paralel olaraq yollarda sürətin artması həm sərnişin, həm də yükdaşımanın rahat şəkildə həyata keçirilməsinə, bununla da artımına səbəb olur. Yükdaşımanın artması isə təbii ki, bu sahədən gələn gəlirlərin, büdcəyə daxil olan vəsaitin həcminin artmasına və nəticədə dövlət büdcəsinin inkişafına gətirib çıxarır.
“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda “Azəravtoyol” ASC tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər I texniki dərəcəli yolların uzunluğu 500 km-ə qədər artıb.
Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində “Azəravtoyol” ASC-nin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində işlər sürətləndirildi.
Nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirildi, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq sözügedən hissələr istismara hazır vəziyyətə gətirildi. Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin də yenidənqurulmasına başlanılması planlaşdırılır.