8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə və keyfiyyətlə davam etdirilir VİDEO/FOTO

26 Avqust 2024- 15:22

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir. 

Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək, Sadıqcan küçəsi ilə kəsişməsindən Zığ dairəsi və əks istiqamətdə olan hissələrində, həmçinin layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb. 

Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək (Zığ dairəsi istiqaməti) və Sadıqcan küçəsindən Ramiz Quliyev küçəsinədək (şəhər istiqaməti) olan hissəsində davam etdirilir. 

Agentlik tərəfindən prospektin qeyd olunan hissələrində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamətlər üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətlərdə də asfaltlanma işlərinin icrasına başlanılacaq.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılır. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.

Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


YOLUNUZ AÇIQ OLSUN...