Şəki şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Belə ki, Sərəncama əsasən Şəki şəhərində ümumi sahəsi 36.1 km olan mərkəzi küçələrin təmiri nəzərdə tutulur. Artıq bu çərçivədə yenidənqurma işlərinə bir müddətdir ki, start verilib.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Bu işlərə paralel olaraq, şəhərin relyefinə uyğun prospekt və küçələrin hərəkət hissəsinin kənarlarında səth sularının kənarlaşdırılması üçün suötürücülük qabiliyyəti nəzərə alınaraq müxtəlif ölçüdə arx və kanalların yenidən qurulması, tikintisi və təmiri işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şəki şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...