Yeni yerüstü piyada keçidinin tikintisi davam edir   VİDEO/FOTO

4 Oktyabr 2024- 11:55

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir. 

Yeni yerüstü piyada keçidi Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində tikilir. 

Üstüqapalı, orta dayaqlı metal konstruksiyalı olan keçidin uzunluğu 51 metr, hərəkət hissəsinin eni 3.5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü isə 5.8 metr təşkil edir. 

Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri yekunlaşmaq üzrədir.   

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə layihə çərçivəsində müasir lift sistemlərinin quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi sözügedən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

YOLUNUZ AÇIQ OLSUN...