Dövlət müstəqilliyinin bərpası özünün ən yeni tarixində xalqımızın əldə etdiyi mühüm nailiyyət, əvəzsiz sərvətdir. Bir neçə gündən sonra biz bu taleyüklü hadisənin iyirmi beşinci ildönümünü qeyd edəcəyik. Ulu öndər Heydər Əliyev deyirdi: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Ötən əsrin əvvəllərində milli azadlıq hərəkatı fədailərinin - milllətpərvər ziyalılarımızın təşəbbüsü ilə qurulan və müsəlman Şərqində ilk parlamentli, demokratik respublika formasında dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti də öz varlığını cəmi 23 ay qoruyub saxlaya bildi. Bu, tarix üçün çox qısa müddət olsa da, milli dövlətçilik salnaməmizin ən şərəfli səhifələrindən biri kimi sonrakı nəsillərin yaddaşına əbədi həkk olunaraq, xalqımızın azadlıq və müstəqillik ideallarının tükənməz bir mənbəyinə çevrildi. Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, iqtisadiyyatda, mədəniyyətdə, təhsildə, səhiyyədə və s. sahələrdə əsasını qoyduğu ənənələr, yaratdığı milli dövlətçilik irsi zamanın sınağından keçərək iyirminci əsrin sonlarında yenidən dirçəldildi və zənginləşdirilərək davam etdirildi.
Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün genişmiqyaslı işlər xalqımızın dahi oğlu Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə respublikaya rəhbərlik etdiyi illərdə həyata keçirilmişdi. Xalqın həqiqi lideri kimi o, milli iqtisadiyyatın güc toplamasına, sosial-mədəni həyatın canlanmasına, milli-mənəvi dəyərlərin dirçəlməsinə nail olaraq, gələcək müstəqilliyimiz üçün zəmin hazırlamışdı. Məhz həmin illərdə Ulu Öndərin diqqət və qayğısı sayəsində müxtəlif ixtisaslar üzrə yetişdirilən yüksək səviyyəli və vətənpərvər kadrlar hesabına dövlət idarəçiliyi sisteminin milliləşdirilməsi mümkün olmuş, respublikanınn sosial-iqtisadi inkişafında misilsiz nailiyyətlər əldə edilmişdir. Tarixi həqiqətlər sübut edir ki, məhz Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi, şəxsi hünəri və cəsarəti Azərbaycanı ittifaq dövlətinin ucqar bir əyalətindən davamlı inkişafda olan və öz müttəfiqlərinə nümunə göstərilən nüfuzlu bir respublikaya çevirə bilmişdi.
Bununla belə, hələ Sovet İttifaqının mövcud olduğu və kommunist ideologiyasının cəmiyyətdə aparıcı mövqe tutduğu vaxtda - 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı törədilən dövlət terroruna qarşı öz etiraz səsini ucaldan Heydər Əliyevin cəsarəti xalqımızın milli azadlıq ruhunun yüksəlişinə, istiqlalımız uğrunda mübarizəyə güclü təkan verdi. Bu da tarixi gerçəklikdir ki, məhz onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı müstəqilliyin rəmzi kimi ilk dəfə 1990-cı ilin noyabrında Naxçıvanda ucaldılmışdır.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ilin 18 oktyabrında rəsmən bərpa edilsə də, real müstəqilliyin və gerçək dövlətçiliyin əsası yalnız Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra başlandı. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə xalqımızın üzləşdiyi bəlalar, xüsusən, vətəndaş müharibəsi və qardaş qırğını təhlükəsi, xaos və özbaşınalıq məhz bu müdrik siyasətçinin və dövlət adamının iqtidara gəlişi ilə aradan qaldırıldı. Heydər Əliyev yenidən Azərbaycanı davamlı inkişaf yoluna çıxardı, xalqı dincliyə və rifaha qovuşdurdu, azərbaycançılıq ideyası şüurlara hakim kəsildi, milli birlik və həmrəylik təmin edildi. Azadlıq və demokratiya prinsiplərinin bərqərar olduğu gənc dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf istiqamətləri müəyyənləşdirildi, xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, liberal mülkiyyət münasibətləri formalaşdırıldı, sahibkarlıq fəaliyyətinə geniş imkanlar açıldı, milli mənafelərə cavab verən neft strategiyası hazırlanıb həyata keçirildi, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il milli dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi bu dövrün ən mühüm xüsusiyyətidir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji istiqamətlər hələ uzun illər ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynayacaqdır.
Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.
İyirmi beş illik müstəqilliyin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Əminliklə deyə bilərik ki, müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafının mühüm amillərindən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır.
Müstəqil dövlətimizin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycanın yol infrastrukturunun formalaşmasında və inkişafında misilisiz xidmətləri olmuşdur. Xalqımızın dahi oğlu yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də ümumən, həyatın özü hesab edir, dövlətin iqtisadi gücünün və cəmiyyətin firavanlığının təmin olunmasında yol təsərrüfatının rolunu və əhəmiyyətini yüksək qiymətləndirirdi.
Yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət və qayğı Ulu Öndərin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin də fəaliyyətində mühüm yer tutur. Hazırda zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin 28 dekabr 2015-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Sərəncam və 9 mart 2016-cı ildə imzaladığı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” Fərman bu baxımdan çox böyük əhəmiyyəti daşıyır. Sərəncama əsasən, səhmdar cəmiyyət Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmışdır ki, bu da daha çevik və səmərəli idarəetmənin təşkilinə, avtomobil yolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texniki məsələlərin daha tez və effektiv həllinə güclü təkan verir. Fərmana əsasən isə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Bu mühüm sənədlər ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində yeni, daha məsul bir mərhələnin başlandığını səciyyələndirir.
Prezident İlham Əliyev ölkədə yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, ən mühüm layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir.
Bu il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib. Səhmdar cəmiyyətin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Müasir tələblərə tam cavab verən binada səhmdar cəmiyyətin və onun strukturlarının səmərəli fəaliyyəti üçün gözəl şərait yaradılıb.
Hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında ümumi istifadədə olan 17542 kilometr uzunluğunda avtomobil yolu vardır ki, onun da 4385 kilometri respublika, 13157 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Cəmiyyətin balansında 1299 ədəd körpü vardır, 160 körpü işğal olunmuş ərazilərdə yerləşir.
Ölkə həyatının bütün sahələrini əhatə edən və getdikcə dərinləşən yeniləşmə və müasirləşmə prosesi avtomobil yol infrastrukturunda özünü bariz şəkildə göstərməkdədir. Dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramlarında yol tikintisi və təmiri ilə bağlı nəzərdə tutulan tədbirlər böyük uğurla icra edilir.
Ötən il olduğu kimi, bu il də regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhalinin ticarət-iqtisadi münasibətlərində mühüm yer tutan və həmçinin əhalinin rahat hərəkətini təmin edən yol infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir.
Şübhəsiz ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricilərindən biridir. Ölkənin bütün istehsal və sənaye sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Respublikamızda yol infrastrukturunun yenilənməsini zəruri edən mühüm amil Azərbaycanın avtomobil yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Bu baxımdan avtomobil yollarının yenidənqurulması birbaşa olaraq yükdaşımalara da müsbət təsir edir. Yükdaşımanın artması bu sahədən gələn gəlirlərin, dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artmasına və nəticədə dövlət büdcəsinin inkişafına səbəb olur.
Qədim İpək yolunun üzərində yerləşən respublikamızda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan müasir yol təsərrüfatı infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların bu sahədə imkanları artır.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində beynəlxalq yükdaşımalar dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illərdə birinci texniki dərəcəli yolların uzunluğu 426 kilometr artırılmışdır və hazırda 541 kilometr təşkil edir.
Prezident İlham Əliyev beynəlxalq miqyaslı Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin birinci texniki dərəcəyədək təkmilləşdirilməsi işləri yekunlaşdırılmış, bütün işlər beynəlxalq tikinti normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq yol istismara hazır vəziyyətə gətirilmişdir.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak etmişdir.
Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımalarında Bakı-Quba-Rusiya Federasiyası və Bakı-Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolları da mühüm əhəmiyyətə malikdir. Bu avtomobil yolları Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır.
Qeyd edək ki, indiyədək ölkənin yol təsərrüfatı sistemində mühüm yer tutan və Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyətə malik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük həcmdə işlər yerinə yetirilmişdir. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir.
Şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən olan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun tikintisi də hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir. Bu il sentyabrın 3-də həmin yolun Salyan rayonu ərazisindən keçən 23,4 kilometrlik hissəsi istifadəyə verilmişdir. Layihənin icrası sözügedən dəhliz vasitəsi ilə məsafənin dəfələrlə qısaldılması ilə bərabər, daşımaların daha rahat şəkildə həyata keçirilməsi ilə artımına gətirib çıxaracaqdır.
Paytaxt Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoymuşdur. Burada işlər dövlətimizin başçısının “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı əsasında həyata keçirilir.
Bir sözlə, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, respublika əhəmiyyətli yolların yenidən qurulması nəticəsində avtomobillə beynəlxalq yükdaşımaların artırılması iqtisadiyyatının şaxələndirilməsinə, xarici iqtisadi əlaqələrin inkişafına təkan verir.
Hazırda kənd yollarının yenidən qurulması ölkə rəhbərliyinin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, son iki il yarım ərzində Prezident İlham Əliyev tərəfindən kəndlərarası avtomobil yollarının tikintisi üçün 80-dən çox sərəncam imzalanmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı 2016-cı ildə kənd yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. Bu yolların təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsinin “Azəravtoyol” ASC-yə həvalə edilməsi üzərimizə böyük məsuliyyət qoyur.
Səhmdar Cəmiyyət “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarında avtomobil yollarının tikintisi üzrə nəzərdə tutulan tədbirləri vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə 2 mindən artıq vətəndaşı müvafiq işlə təmin etmişdir.
Onu da qeyd edək ki, yerli istehsalın daha da gücləndirilməsi istiqamətində ölkə başçısının verdiyi tövsiyə və tapşırıqları yerinə yetirərək, biz yolların tikintisi, yenidən qurulması və təmiri zamanı ancaq yerli tikinti materiallarından istifadə edirik. Bundan başqa, səhmdar cəmiyyət tərəfindən respublikamızda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa və meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqramların, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi ilə əlaqədar avtomobil yollarının mühafizə zolağında 2015-ci ildə və bu ilin doqquz ayı ərzində ərzində 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi mövcuddur.
Avtomobil yolları təsərrüfatının tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi müstəqil dövlətimizin iqtisadi gücünün mühüm göstəricisi olmaqla, xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.
Azərbaycanın çoxsaylı avtomobil yol işçiləri də xalqımızın əvəzsiz sərvəti olan müstəqilliyin qorunması və möhkəmləndirilməsi üçün, həmçinin ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq bundan sonra da böyük məsuliyyətlə, əzmkarlıqla çalışacaqlar.
Saleh MƏMMƏDOV,
“Azəravtoyol” ASC-nin sədri.