Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Uzunluğu 23.2 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsü də inşa edilib.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında icra olunub.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...