Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər - HESABAT

25 Oktyabr 2016- 00:00
11 Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər - HESABAT

          “Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

 

          Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişini təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və öz gücümüzlə bu maneələr aradan qaldırılmışdır.

 

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min m2 səki tikilmiş, 10,9 min pm səki daşları quraşdırılmış, avtobusların dayanması üçün 3 ədəd “cib”lər tikilmiş, yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 pm yağış-kanalizasiya xətti tikilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 km olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılmış və xüsusi siqnal dirəkləri ilə təmin edilmişdir.

 

         Bakı şəhərinə girişdə 20 yanvar tunelinin yan yoluna “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və tunelin sonunda çıxış yolunun genişləndirilməsi işləri aparılmışdır. Nəticədə yolun hərəkət hissəsi sözügedən hissədə 6-7 m enində genişləndirilmişdir. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmişdir.

 

          Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də (yerüstü piyada keçidinə çatmamış), yolun kənarında 150 metr uzunluğunda, 15 m enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılmışdır. Nəticədə magistralın bu hissəsində yol daha 3 hərəkət zolağı enində genişləndirilmişdir.

 

          Eyni zamanda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən (“Xırdalan” dairəsi yaxınlığında) mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin  7 m uzadılması işləri başa çatdırılmışdır. Bunun nəticəsində həmin hissədə yol 7 metr genişlənmış, yolun hərəkət hissəsi isə əlavə 2 hərəkət zolağı enində genişləndirilərək 5 hərəkət zolağına çatdırılmışdır.

 

           Magistralın 6-cı km-dən Xırdalan tunelinədək (11-ci km) yolun ayırıcı  zolağında olan metal təhlükəsizlik sədləri daha təhlükəsiz və alt hissəsində “təkərqaytaran” maili elementi və hündürlüyü 87 sm olan 3,6 km uzunluğunda dəmir-beton sədlərlə əvəz edilmişdir.

 

           Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilmişdir.

 

           Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tunelin sonunda şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilmiş, nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmışdır.

 

           Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən uyğun olaraq 250 metr uzunluğunda, 12,5 metr enində və 440 metr uzunluğunda, 14 metr enində yeni geriyədönmə yol qovşaqları tikilmişdir.

 

           2016-cı ilin 9 ayı ərzində 2985 ədəd yol nişanı və məlumatverici lövhə, 11 115 ədəd siqnal dirəyi,  3860 ədəd siqnal bayraqları, 25 137 p.m   əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 685,8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilmişdir.