Ələt-Astara magistral avtomobil yolunda 3 körpü tikilir VİDEO/FOTO

7 Yanvar 2025- 12:10

M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir. 

Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157.3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30.2 metr, 177.5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46.2 metr təşkil edir. 

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14.5 metrdir. 

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır. 

YOLUNUZ AÇIQ OLSUN…