Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyası onun layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla inamla həyata keçirilməkdədir.
Sözsüz ki, respublikamızda ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərimizdən biri modern və ən qabaqcıl standartlara cavab verən kompleks yol-nəqliyyat infastrukturunun formalaşdırılmasıdır.
Bu dövrdə respublikamızda yol-nəqliyyat kompleksinin mühüm əsas tərkib hissəsi kimi avtomobil yollarında da möhtərəm cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə böyük dəyişikliklər baş vermişdir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
Ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2004-2024-cü illər ərzində ölkədə 6593,7 km Respublika əhəmiyyətli, 11643,6 km Yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla 20 767,1 km uzunluğunda yeni yollar tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir.
Dövlət başçısının imzaladığı Sərəncamlara uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulub. Sözsüz ki, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırıb.