Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Gəncə şəhərində təmir olunan küçələrin ümumi sahəsi 843 min kv.m təşkil edir.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin yekunlaşdığı küçələrdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...