Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yol infrastrukturu sahəsində böyük irəliləyişlər əldə edilib. Bu gün ölkənin yol şəbəkəsi yalnız fiziki infrastrukturla məhdudlaşmır, eyni zamanda iqtisadiyyatın inkişafına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və əhalinin sosial rifahına müsbət təsir göstərir. Yollar ölkənin müxtəlif bölgələrini birləşdirir, iqtisadiyyatın inkişafını sürətləndirir, beynəlxalq əlaqələri möhkəmləndirir.
Sözsüz ki, respublikamızda ötən 20 ilin ən böyük inkişaf göstəricilərindən və mühüm nailiyyətlərimizdən biri, modern və ən qabaqcıl standartlara cavab verən yol infrastrukturunun formalaşdırılmasıdır. Azərbaycanın yol infrastrukturunda baş verən dəyişikliklər, Prezident İlham Əliyevin məqsədyönlü strategiyasının və rəhbərliyinin nəticəsidir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq oldu.
Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikildi və təmir edildi. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa edildi. Yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində, işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, I texniki dərəcəli avtomobil yollarının uzunluğu 12 dəfəyədək artdı. Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 km təşkil edir.
Sözsüz ki, bu inkişaf, ticarət və daşınma sistemlərinə birbaşa təsir edir. Yeni və yüksək keyfiyyətli yollar, məhsul və xidmətlərin daha sürətli və səmərəli daşınmasına imkan verir. Prezident İlham Əliyev bu inkişafın, Azərbaycanın beynəlxalq bazarlara daha yaxın olmasına və iqtisadiyyatın böyüməsinə böyük təsir etdiyini qeyd etmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. Heç şübhəsiz azad edilmiş ərazilərdə görülən işlərin əsasını yol layihələri təşkil edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə dünyanın ən modern yol infrastrukturu yaradılır.
2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi aparılır.
Bu layihələr çərçivəsində 45 tunel, 447 körpü, 16 viadukun inşası nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi artıq tamamlanmışdır.
Prezident İlham Əliyev, azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində yeni avtomobil yollarının salınmasını və nəqliyyat infrastrukturunun bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu layihələr Azərbaycanın gələcək inkişafına dayanıqlı əsaslar yaradır və ölkəni regionda daha da gücləndirir.
Yeni yollar yalnız iqtisadiyyatı deyil, həm də sosial həyatımızı yaxşılaşdırır. Kənd və dağlıq bölgələrə yeni yolların tikilməsi, əhalinin təhsil, səhiyyə və digər xidmətlərə asan çıxışını təmin edir. Prezident İlham Əliyev, yeni yolların və tunellərin tikintisinin insanların həyatını necə asanlaşdırdığını vurğulamışdır.
Yeni nəqliyyat dəhlizləri həmçinin, Azərbaycanın təbii və tarixi zənginliklərini daha çox insana tanıdaraq turizmin inkişafına kömək edir. Bu da daxili turizmin artmasını təmin edir.
Yol tikintisi layihələrində ətraf mühitə zərər verməmək və ekoloji cəhətdən təmiz nəqliyyat sistemləri yaratmaq ön plandadır. Prezident İlham Əliyev, bu yanaşmanın Azərbaycanın gələcək inkişafını dayanıqlı əsaslarla təmin edəcəyini vurğulayır. Yeni yolların tikintisində ekoloji cəhətdən təmiz yanaşmalar tətbiq edilir, bu da karbon emissiyalarını azaldaraq daha yaşıl bir gələcək təmin edir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həyata keçirdiyi layihələr, Azərbaycanın yol infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına və ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə vermişdir.
Hər il 22 fevralda isə Avtomobil Yolları Dövlət Agentliyinin peşə bayramı günü olaraq, bu sahədəki uğurlar qeyd edilir.
Avtomobil yollarının inşası və saxlanılması mühəndislər, texniklər, iş icraçıları və yol işçilərinin əməyi sayəsində mümkündür. Onların zəhməti, nəqliyyatın təhlükəsizliyini təmin edərək, insanların həyatını asanlaşdırır və ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
22 fevral, Avtomobil Yolları Dövlət Agentliyinin peşə bayramı günü, ölkənin yol təsərrüfatı sahəsində çalışan minlərlə insanın zəhmətini qiymətləndirmək və yol infrastrukturunun inkişafında əldə olunan uğurları qeyd etmək üçün vacib bir gündür.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli sərəncamı ilə təsis edilən bu bayram, yol infrastrukturunun inkişafında və modernləşdirilməsində müstəsna rol oynayan AAYDA-nın əməkdaşlarına verilən qiymətin ifadəsidir.
YOLUNUZ AÇIQ OLSUN...