Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb - FOTO

3 Noyabr 2016- 00:00
11 Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb - FOTO

          Azərbaycan Respublikası Prezidentinin Sərəncamna uyğun olaraq Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb.

 

          Əvvəllər vətəndaşların torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşirdi. Hazırda isə bu problem tam aradan qaldırılıb.

                   

          Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib. 

 

          Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 10 m enində torpaq yatağı inşa olunub. Daha sonra 35 sm qum-çınqıl qarışığı və 20 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla (7sm+5sm) yola yeni asfalt-beton örtük döşənib.

 

          Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 mm olan 4 dədə su ötürücü boruların tikintisi aparılıb.

         

          9 km-lik Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

 

          Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb,insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.  Bundan başqa inşa olunacaq yeni yol yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.